Azərbaycan folklyoru

     Azərbaycanımız dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahibdir. Onun tarixi Azərbaycan ərazisində ilk insan məskənlərinin meydana çıxmasına gedib çatır. Folklorumuzun janr zənginliyi sadalamaqla bitmir. Bu janrlar daxilində layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal, nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər , sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar, xalq mahnıları, əfsanə və rəvayətlər, nağıllar, xalq oyunları, meydan tamaşaları və s.vardir.

     Geniş yayılmış folklor janrlarının hər birində xalqımızın təbiətə, xüsusilədə gül-çiçəklərə, gözəl münasibəti duyulur...
 


LAYLAYLAR
 

Layla dedim yatasan,
Qızılgülə batasan,
Qızılgülün içində
Şirin yuxu tapasan.

Layla, bülbülüm, layla,
Sarı sünbülüm, layla,
Bağçalarda gül çoxdur,
Bir qızılgülüm, layla.

Mən sənə qalam deyim,
Gül deyim, lalam deyim,
Yat, incitmə ananı,
Sağ olsun balam deyim.

Qoxusu güldən gəlir,
Güldən, bülbüldən gəlir,
Balamın gül beşikdə
Yuxusu birdən gəlir.

Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən,
Qurban olum o günə
Ayaq tutub gəzəsən.

Bir gül əkdim boyunca,
İyləmədim doyunca,
Ömrüm, günüm uzansın
Bu balamın toyunca.

Layla balam, gül balam,
Sən mənim sünbül balam,
Laylayıma yatasan,
Oyatsın bülbül, balam.

Məni oyaq qoyan sən,
Qızılgülə boyan sən,
Öpüm qara gözündən,
Bəsdir yatdın, oyan sən.

İgid qalasın istər,
Dağın lalasın istər,
Mən balamı istərəm,
Balam balasın istər.

 NAZLAMALAR

Dağda meşəlik
Gül, bənövşəlik.
Mən həmişəlik
Bu balama qurban.

Dağların lalasına,
Gözlərin qarasına,
Analar qurban olsun
Öz körpə balasına.

Çalxan-çalxan yağ olsun,
Balam yeyib sağ olsun.
Qızılgül bağım olsun,
Bağlar oylağım olsun.
Tanridan arzum budur
At minən çağın olsun.

 ƏKİL-BƏKİL

Əkil-bəkil quş idi,
Ağaca qonmuş idi.
Getdim onu tutmağa,
O, məni tutmuş idi,
Meydana salmış idi.
Meydanın ağacları,
Dən gətirir quşları.
Çəpər çəkdim, yol açdım,
Qızılgülə dolaşdım.
Bir dəstə gül dərməmiş
Nənəsi gəldi, mən qaçdım.

VƏSFİ-HALLAR

Dağ başını qar alanda,
Gül dibini xar alanda,
Günüm ah-vayla keçər
Yar yada yar olanda.

Əzizim dağda lala,
Oxşar gül üzdə xala,
Dərdi-qəmi azalar
Kim yetişsə vüsala.

Mən aşiq gül əndama,
Çıxıbdır gülən dama,
Olam bir atlas köynək,
Yaraşam gül əndama.

Bir qız gördüm biçində,
Sarı sünbül içində,
Burda bir toy olacaq
Gələn ayın içində.

Gülü atdım dənizə,
Batdı, çıxmadı üzə,
Nola bizim bağçada
Yar gələ bir gün gəzə.

Girdim bağa üzümə,
Tikan batdı dizimə,
Əyildim çıxartmağa
Yar sataşdı gözümə.

Bağçalarda sarı gül,
Yarı gönçə, yarı gül.
Nişanlın sabah gəlir,
Barı sevin, barı gül.

Bənövşəyəm, mən tərəm,
Kol dibində bitərəm,
Gözləyərəm, gəlməsən
Boynu əyri bitərəm.

Arı güldən bar ovlar,
Ovçular maral ovlar,
Gözün gözümə dəydi
Cana saldı yalovlar.

HAXIŞTALAR

Araz qırağı çiçək, haxışta,
Oraq götür, gəl biçək, haxışta,
Qardaş, nişanlın gördüm, haxışta,
Üzündə yumru birçək, haxışta.

Qızılgül oyum-oyum, haxışta,
Dərim qoynuma qoyum, haxışta,
Yağış yağar, yer doymaz, haxışta,
Mən səndən necə doyum, haxışta.

Evləri dağa gedir, haxışta,
Qar yağa-yağa gedir, haxışta,
Əlində güllü dəsmal, haxışta,
Gül yığa-yığa gedir, haxışta.

 BAYATILAR

Əziziyəm, dilən gəz,
Bağda gülə dilən gəz,
Qürbətdə xan olunca
Vətənində dilən gəz.

Dağlar başı buz bağlar,
Dörd yanı yarpız bağlar,
Qürbət eldə ürəyim
Dərddən, qəmdən buz bağlar.
--------
Bülbüllər uçdu bağa,
Qondu budaq-budağa,
Dünyada bir canım var,
Olsun yara sadağa.

Əziziyəm, gül bağda,
Bülbül bağda, gül bağda,
Sənsiz bağa girmərəm
Xəzəl olsa gül bağda.

Dağlar başı meşədi,
Könlüm sınıq şüşədi,
Yarın yara töhfəsi
Bir dəstə bənövşədi.

Mən aşiq gül budağı,
Tutubdu gül bu dağı,
Məni dərdin əyibdi,
Necə ki gül budağı.

Güləm, gülü neylərəm,
Gülə qulluq eylərəm,
Mənə öz gülüm gərək,
Başqa gülü neylərəm.

Qızılgülü əkmərəm,
Dərib yerə tökmərəm,
Əlim zülfünə dəysə,
Şahmar olsa çəkmərəm.

-----

Bağa girmərəm sənsiz,
Gülü dərmərəm sənsiz,
Desələr qərib ölüb
O qırib mənəm sənsiz.

Bu bağlar olmayaydı,
Saralıb solmayaydı,
Bir ayrılıq, bir ölüm
Heç biri olmayaydı.

BİTKİLƏRƏ AİD MİFLƏR

Lalə vaxtı ilə gözəl-göyçək bir qız imiş. El-oba həmişə onun gözəlliyini danışarmış. Bu qızın sorağı uzaq ellərə gedib çıxır. Hər yandan ona elçilər gəlir. Lalə onların heç birini bəyənmirmiş. Çünki öz obalarında sevdiyi oğlan varmış.
Lalə də, onun sevgilisi də öz istəklərini gizli saxlayar, açıb- ağartmamışlar. Oğlan ona elçi də göndərməmişdi. O da, qız da yaxşı bilirdi ki, elçi göndərməyin xeyri yoxdu. Qızın atası onu kasıb oğlana verməyəcək.
Lalə sevgilisinin həsrətinə dözə bilmir. Allahdan arzu eləyir ki, canını bu dərddən qurtarsın. Onun arzusu yerinə yetir. Qız dönüb lalə çiçəyi olur. Sinəsi isə sevgilisinə olan eşqindən yanıb qaralır.

Keçmiş zamanlarda Qızılgüllə Bülbül bir-birini ürəkdən sevirmişlər. Bunların sevgisi hər yana yayılır, axır gəlib qızın atasının qulağına çatır. Ata bərk qəzəblənir. Qızını çağırıb deyir ki, bu eşqdən əl çək. Qız çox yalvarır, amma ata heç cürə razı olmur.
Qız sevgilisi ilə qovuşmayacağını başa düşüb başqasına getməkdənsə, ölüm istəyir. Allaha yalvarır ki, bu arzusunu yerinə yetirsin. Amma Qızılgül ölmür, bir gülə çevrilir.
Bülbül sevgilisinin başına gələn əhvalatdan xəbərdar olub göz yaşı tökür. Onun ahı göylərə gedib çatır. Bir gün adamlar durub görürlər ki, Bülbül yoxdur. Onun yerində gülün başına dolanıb qəmli-qəmli oxuyan bir quş- bülbül var. Bülbül gülün başına dolandıqca özünü zərb ilə onun tikanlarına çırpır. Tikanlar bülbülün sinəsini dağıdıb qana qəltan eləyir. Bu qan gül koluna səpələnib onun rəngini qızardır.
Deyirlər, o vaxtdan həmin gülün adı Qızılgül qalıb. Bülbülü gülə yaxın qoymayıb onun sinəsini qana qəltan edən tikanlar da, sən demə, qızın atasıdı.